Taraz (jurnal)
"Taraz" (erm. Տարազ — Dəb) — 1890–1919-cu illərdə Tbilisidə nəşr edilmiş ədəbi-bədii, ictimai həftəlik erməni qəzeti, daha sonra jurnal. Mühərriri (redaktoru) və naşiri Tiqran Nazaryan olmuşdur.
1900-cu ilə qədər həmin naşirin çap etdirdiyi "Ağbyur" adlı şəkilli uşaq məcmuəsinə əlavə olaraq nəşr edilmişdir. Jurnal olaraq nəşr edildiyi vaxt "İllüstrasiya", "Paris modası", "Sağlamlıq" və s. bölmələri olmuşdur.
"Taraz" jurnalı dövrünün demək olar ki, bütün ədəbi hadisələrinə öz səhifələrində əks etdirmiş, cavab vermişdir. Jurnalda Hovannes Tumanyan, Avetik İsahakyan, Şuşanik Kurqinyan, Aleksandr Şirvanzadə, Atabek Xnkoyan, Vahram Papazyan, Aleksandr Tsaturyan, Hakob Paronyan və başqalarının bədii əsərləri çap edilmiş, rus, gürcü və Qərbi Avropa ədəbiyyatından (A.Puşkin, M.Lermontov, N.Nekrasov İ.Turqenev, E.Ninoşvili, İ.Çavçavadze, A.Kazbeqi, Şekspir, Şiller, Bayron, Emil Zolya, Mopassan və b.) tərcümələr təqdim olunmuşdur. Hovannes Ter-Mirakyan, Sarkis Beknazaryan, Stepan Lisityan, Qazaros Ağayan kimi pedaqoqların pedaqoji, məktəb və ailə təhsili haqqında fikirləri işıqlandırılmışdır.
Musiqi, teatr və təsviri sənət sahələrinin əhatə olunmasında "Taraz"ın (adı ilə əlaqədar olaraq) rolu böyükdür.